logo name
call-center

Ordubadda “Ana dilində Rəqəmsal Təhsil” mövzusunda tədbir keçirilib

31 iyul 2026, 16:57

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı əsasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ana dilində Rəqəmsal Təhsil” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsi üzrə Azərbaycan dilində hazırlanmış dərsliklərin təqdimatı, ana dilində rəqəmsal təhsil resurslarının əlçatanlığının genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən fəaliyyətin ictimaiyyətə çatdırılması olub.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli bildirib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü dövlət dilimizin qorunması, inkişafı və zənginləşdirilməsi istiqamətində həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. O qeyd edib ki, müasir dövrdə rəqəmsallaşmanın geniş vüsət aldığı bir şəraitdə informasiya texnologiyaları sahəsində ana dilində keyfiyyətli tədris resurslarının hazırlanması gənclərin rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, milli terminologiyanın formalaşdırılması və dövlət dilinin rəqəmsal mühitdə tətbiq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 
Sonra Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin direktoru Hüseyn Əsgərli ana dilində rəqəmsal təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. O bildirib ki, bu istiqamətdə həyata keçirilən təşəbbüslər ana dilində rəqəmsal resursların artırılmasına, müasir texnologiyaların təhsil prosesinə inteqrasiyasına və gənclərin rəqəmsal bacarıqlarının inkişafına mühüm töhfə verir. Həmçinin gələcəkdə bu sahədə yeni layihələrin icrası, əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin tətbiqi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə Mərkəzin əməkdaşları Ağa Rzabəyli və Həsən Cəfərov çıxış edərək beynəlxalq təcrübəyə uyğun hazırlanmış Azərbaycan dilli informasiya texnologiyaları dərsliklərinin məzmunu, onların tədris prosesində tətbiqi və bu vəsaitlərin yerli mütəxəssislərin hazırlanmasındakı rolu barədə məlumat veriblər. Bildirilib ki, Şərur və Culfa rayonları ilə yanaşı, Ordubadda da təlim kurslarına start verilib. Bu təşəbbüs regionlarda gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasına, müasir texnologiyalar sahəsində peşəkar hazırlığının gücləndirilməsinə və yerli kadr potensialının inkişafına xidmət edir. Eyni zamanda gələcəkdə təlimlərin həm distant təhsil formatında təşkili, həm də Naxçıvanın digər rayonlarını əhatə edəcək şəkildə mərhələli genişləndirilməsi nəzərdə tutulur. 
Tədbirin sonunda iştirakçılar informasiya texnologiyaları sahəsi üzrə hazırlanmış dərsliklər, tədris proqramları və maarifləndirici materiallardan ibarət sərgi ilə tanış olublar.

ADSL və GPON