1. Ümumi müddəalar
1.1. “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 17 dekabr tarixli, 26-VII FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində 30.10.2024-cü il tarixdə 0201648001 VÖEN ilə qeydiyyata alınmış “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 27.09.2013-cü il tarixdə 0200708681 VÖEN ilə qeydiyyata alınmış “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin və 19.12.2001-ci il tarixdə 0200093441 VÖEN ilə qeydiyyata alınmış “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsinin birləşmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və müvafiq qurumların hüquqi varisidir.
1.2. Cəmiyyətin baş ofisi, şöbə və sektorları Cəmiyyətin strukturunu təşkil edir.
1.3. Cəmiyyət Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.
1.4. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarını, habelə Nazirliyin qərar və göstərişlərini, eləcə də bu Nizamnaməni rəhbər tutur.
1.5. Cəmiyyət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6. Cəmiyyətin müstəqil balansı, əmlakı, bank hesabları, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və Cəmiyyətin adı həkk olunmuş möhürü və blankları, müvafiq ştampları, loqotip (emblem) və əmtəə nişanı vardır.
1.7. Cəmiyyətin qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Cəmiyyət məhkəmədə, həmçinin arbitrajda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.
1.8. Təsisçi Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus payların dəyəri həddində risk daşıyır.
1.9. Cəmiyyət təsisçinin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.
1.10. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:
1.10.1. tam halda - “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
1.10.2. qısaldılmış halda - “NPTM” MMC;
1.10.3. Cəmiyyətin ingilis dilində tam adı ‒ “Nakhchivan Post and Telecommunications Center” Limited Liability Company;
1.10.4. Cəmiyyətin ingilis dilində qısaldılmış adı ‒ “NPTC” LLC.
1.11. Cəmiyyətin hüquqi ünvanı: AZ 7000, Naxçıvan şəhəri, Atatürk küçəsi 1A
2. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri
2.1. Cəmiyyətin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında hüquqi və fiziki şəxslərə, o cümlədən qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərə poçt, maliyyə, telekommunikasiya xidmətləri göstərmək və qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə olunan gəlir hesabına Cəmiyyətin təsisçisinin (iştirakçısının) iqtisadi və sosial maraqlarını, həmçinin işçilərinin sosial müdafiəsini təmin etməkdən ibarətdir.
2.2. Cəmiyyətin xidmətləri aşağıdakılardır:
2.2.1.Telekommunikasiya xidmətləri sahəsində:
2.2.1.1. internet telekommunikasiya xidməti;
2.2.1.2. telefon (məftilli) və IP-telefoniya (internet telefoniya) xidməti;
2.2.1.3. radiotrank və simsiz telefon xidməti;
2.2.1.4. respublikadaxili və beynəlxalq telekommunikasiya kanallarının təşkili xidməti;
2.2.1.5. məlumatların ötürülməsi (data) xidməti;
2.2.1.6. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada universal telekommunikasiya xidmətləri;
2.2.1.7. şəhərlərarası və beynəlxalq telefon danışıqları xidmətlərinin göstərilməsi;
2.2.1.8. transmissiya xidməti;
2.2.1.9. üçüncü tərəfə aid infrastrukturun istismarı xidməti;
2.2.1.10. sorğu-məlumat xidmətləri;
2.2.1.11. trafikin tranziti xidmətləri;
2.2.1.12. saytların hazırlanması və texniki xidmətlərin göstərilməsi;
2.2.1.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər telekommunikasiya xidmətlərinin göstərilməsi.
2.2.2. Poçt rabitəsi xidmətləri sahəsində:
2.2.2.1. ümumi istifadədə olan poçt rabitəsi xidmətləri (universal, sürətli, kuryer və s.);
2.2.2.2. xüsusi təyinatlı poçt rabitəsi xidmətləri (xüsusi poçt rabitəsi və s.);
2.2.2.3. dövri mətbuatın abunəsi və satışı;
2.2.2.4. poçt və digər çap məhsullarının hazırlanması və satışı;
2.2.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər poçt rabitəsi xidmətlərinin göstərilməsi.
2.2.3. Kommersiya xidmətləri sahəsində:
2.2.3.1. turizm və şəhərlərarası nəqliyyat gediş biletlərinin, həmçinin lotereya biletlərinin satışının təşkili;
2.2.3.2. logistika (yükdaşıma) və anbar xidmətləri;
2.2.3.3. kommunal və digər xidmət haqlarının yığılması;
2.2.3.4. dövlət sosial sığorta ödənişlərinin (pensiya, müavinət və s.) vətəndaşlara çatdırılması;
2.2.3.5. poçt göndərişləri vasitəsilə idxal və ixrac əməliyyatları;
2.2.3.6. nəşriyyat-poliqrafiya, mətbuat və reklam fəaliyyəti;
2.2.3.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər kommersiya xidmətlərinin göstərilməsi.
2.2.4. Maliyyə xidmətləri sahəsində:
2.2.4.1. poçt hesablarının açılması və aparılması;
2.2.4.2. pul köçürmələrinin həyata keçirilməsi;
2.2.4.3. poçt əmanətlərinin qəbulu;
2.2.4.4. ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması;
2.2.4.5. müştərilərin sifarişi və vəsaiti hesabına valyuta mübadiləsi əməliyyatlarının aparılması;
2.2.4.6. elektron pul təşkilatı xidmətlərinin göstərilməsi;
2.2.4.7. agent bankçılıq xidmətlərinin göstərilməsi;
2.2.4.8. sığorta agenti fəaliyyətinin həyata keçirilməsi;
2.2.4.9. nağd pulun və digər qiymətlilərin inkassasiyası.
2.2.5. Radio-televiziya yayımı sahəsində:
2.2.5.1. yaşayış məntəqələrinin yerüstü və peyk texnologiyaları vasitəsilə radio-televiziya yayımı, o cümlədən İP televiziya xidmətləri ilə təmin edilməsi;
2.2.5.2. televiziya kanallarının keyfiyyətli yayımının həyata keçirilməsi və yayımın keyfiyyəti və fasiləsizliyinin daimi təmin edilməsi;
2.3. Cəmiyyət lisenziya və icazə tələb olunan fəaliyyət növləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və icazə aldıqdan sonra məşğul ola bilər.
3. Cəmiyyətin vəzifələri və hüquqları
3.1. Cəmiyyətin vəzifələri aşağıdakılardır:
3.1.1. Telekommunikasiya, poçt rabitəsi və radio-televiziya yayımı sahələrində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;
3.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək;
3.1.3. telekommunikasiya, poçt rabitəsi və radio-televiziya yayımı xidmətlərini standart, norma və qaydalara uyğun təşkil etmək;
3.1.4. trafikin normativlərə uyğun istifadəsini təşkil etmək;
3.1.5. qanunvericiliklə müəyyən edilmiş qaydada telekommunikasiya vasitələri və qurğularının yoxlanılmasına müvafiq şərait yaratmaq;
3.1.6. abunəçinin müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək;
3.1.7. telekommunikasiya qurğu və vasitələrinin istismarı, habelə layihələndirilməsi, tikintisi və quraşdırılması üzrə işləri təşkil etmək;
3.1.8. ümumistifadəli telekommunikasiya şəbəkəsində qanunvericilikdə müəyyən olunmuş qaydada uyğunluğu qiymətləndirilmiş telekommunikasiya vasitələrinin və qurğularının istifadəsi ilə bağlı zəruri tədbirlər görmək;
3.1.9. telekommunikasiya xidmətləri göstərdiyi ərazilərin telekommunikasiya şəbəkəsində telekommunikasiya qurğuları və vasitələrinin qanunvericiliyə uyğun keyfiyyətli, istifadəsini təmin etmək, habelə işinin keyfiyyətini təhlil etmək və yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirmək;
3.1.10. qanunvericiliyə uyğun olaraq, fəaliyyət istiqamətlərinə aid dövlət sirrinin və digər məxfi məlumatların mühafizəsini həyata keçirmək və məxfilik rejiminə riayət etmək;
3.1.11. əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən telekommunikasiya şəbəkəsində müvafiq tədbirlərin keçirilməsinə texniki şəraitin yaradılmasını və bu məqsəd üçün rabitə sistemlərini müvafiq əlavə (xüsusi) texniki vasitələrlə (avadanlıqlarla) - telekommunikasiyalara nəzarət sistemləri ilə təchiz edilməsini təmin etmək;
3.1.12. telekommunikasiya şəbəkələrində qəza nəticəsində zədələnmiş telekommunikasiya vasitələrini bərpa etmək və ya yenidən qurmaq, bu zaman təbiətin mühafizəsi üzrə zəruri tədbirlər görmək;
3.1.13. normativlərə uyğun olaraq muxtar respublika ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin etmək;
3.1.14. yaşayış məntəqələrinin və binalarının layihələndirilməsi, tikintisi və yenidən qurulması zamanı Cəmiyyətin poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını dövlət hakimiyyəti və bələdiyyə orqanlarından təmin edilməsi barədə məsələ qaldırmaq;
3.1.15. poçt hesabları açarkən öz müştərilərini identifikasiya etmək, anonim bank hesablarının açılmasına yol verməmək;
3.1.16. muxtar respublika ərazisində özünə məxsus radioelektron vasitələrindən istifadə olunmasının planlaşdırılmasını həyata keçirmək;
3.1.17. Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının qərarına əsasən bu vasitələr üçün ayrılmış tezliklərdən qanunvericiliyin tələblərinə uyğun istifadəni təmin etmək və çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması ilə bağlı zəruri tədbirlər görmək;
3.1.18. ikitərəfli və ya çoxtərəfli koordinasiya razılaşmalarında nəzərdə tutulan və ya Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyatda olan radio-TV yayımlarına və digər radioelektron vasitələrinə qonşu ölkələr tərəfindən yaranan maneə təsirlərini qeydə almaq və müvafiq tədbirlər görmək;
3.1.19. tezliklər üzrə beynəlxalq koordinasiya görüşlərində iştirak və zəruri məlumatların hazırlanmasını təmin etmək;
3.1.20. muxtar respublika ərazisində radioelektron vasitələrinin və yüksək tezlikli qurğuların alınmasına (başqasına verilməsinə), layihələşdirilməsinə, tikilməsinə (qurulmasına) və bunların istismarına icazə vermək;
3.1.21. mövcud olan peyk, kabel və digər rabitə sistemlərini istismar etmək və yenilərini yaratmaq;
3.1.22. muxtar respublika ərazisində radioelektron vasitələrinin və yüksək tezlikli qurğuların alınmasının (başqasına verilməsinin), layihələşdirilməsinin, tikilməsinin (qurulmasının) istismarının müəyyən edilmiş qaydasına əməl olunması üzərində, habelə bu vasitələrin radioşüalarının mövcud normalara və dövlət standartlarına uyğunluğu üzərində nəzarət etmək;
3.1.23. elektrik qurğularının, mexanizmlərin, aparatların və cihazların radioqəbula sənaye maneələrinin dəf olunmasını təmin edən köməkçi qurğularla təchiz edilməsi üzərində nəzarət etmək;
3.1.24. radioelektron vasitələrin efirdəki qanunsuz fəaliyyətini aşkar etmək və radioverici qurğuların qanunsuz olaraq hazırlanmasına və istifadəsinə qarşı mübarizə aparmaq;
3.1.25. Sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audio-vizual (televiziya və radio) siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə habelə ayrıca radiotezlikdə audio-vizual proqramların retranslyasiyasını həyata keçirmək;
3.1.26. audiovizual (televiziya və radio) signalların və dataların istənilən texnologiya vasitəsi ilə qəbulunu, emalını və ötürülməsini (o cümlədən İPTV/OTT xidmətləri) təmin etmək;
3.1.27. əməyin mühafizəsinə, texniki təhlükəsizlik və istehsal sahəsi üzrə müəyyən edilmiş norma və qaydalara riayət etmək, texniki təhlükəsizliyi təmin edən tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
3.1.28. fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Cəmiyyət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.2.1. öz telekommunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək;
3.2.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək;
3.2.3. qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdiyi telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək;
3.2.4. telekommunikasiya şəbəkələri ilə əlaqələr qurmaq, eləcə də digər telekommunikasiya operatorlarının (provayderlərin) şəbəkələri üzərində trafikin tranziti imkanlarından istifadə etmək;
3.2.5. lokal (yerli), şəhərlərarası, beynəlxalq telekommunikasiya kanallarını və telefon rabitəsini, eləcə də internet, data, transmissiya, kommutasiya və xətt şəbəkələrini, xətt və kabel kanal qurğularını qurmaq, inkişaf etdirmək və icarəyə vermək;
3.2.6. elektron imza və elektron sənəd haqqında qanunvericiliyə uyğun olaraq dövlət orqanlarına (qurumlarına), hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin və elektron sənəd dövriyyəsi sisteminin təşkili, elektron sənəd mübadiləsi üçün vasitəçilik (operator) və zəruri digər xidmətlər göstərmək;
3.2.7. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək;
3.2.8. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini qanunvericiliyə uyğun olaraq dayandırmaq;
3.2.9. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanmasını təmin etmək, tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək, tədris proqramlarına dair sertifikat və şəhadətnamələr vermək;
3.2.10. İKT, rəqəmsal bacarıqlar, elektron idarəçilik sahəsində əhalinin, sahibkarlıq subyektlərinin, dövlət qulluqçularının, dövlət və özəl müəssisələrində çalışan işçilərin hazırlığının təkmilləşdirilməsi, mütəxəssislərin peşəkar səviyyəsinin artırılması işini təşkil etmək və həyata keçirmək;
3.2.11. İKT-nin tətbiqi məqsədilə layihələrdə iştirak etmək, xidmətlər göstərmək, startap layihələr yaratmaq və bu layihələrə dəstək vermək;
3.2.12. fəaliyyəti üzrə internet informasiya ehtiyatı yaratmaq və onlayn xidmətlər təşkil etmək;
3.2.13. müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;
3.2.14. muxtar respublikada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, eləcə də kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə müvafiq tədbirlər görmək, texnoloji infrastrukturu təşkil etmək və xidmətlər göstərmək;
3.2.15. öz infrastrukturunun etibarlı mühafizəsini təmin etmək üçün zəruri tədbirlər görmək, daxili nəzarət sistemlərini təşkil etmək, Baş ofisin, o cümlədən bütün tabeli qurumlarının ərazi, bina və qorunması tələb olunan kritik infrastrukturun fiziki mühafizəsini təşkil etmək;
3.2.16. elektron xidmətlərin tətbiqi və inkişafı üzrə tədbirlər görmək;
3.2.17. qarşısında duran vəzifələrin icrası məqsədilə törəmə cəmiyyətlərinin, bölmələrinin qısamüddətli və uzunmüddətli proqnoz planlarını hazırlayıb təsdiq etmək;
3.2.18. qanunvericiliyə müvafiq qaydada xarici təşkilatlarla və xarici dövlətlərin poçt müdiriyyətləri ilə, habelə xarici kredit təşkilatları ilə danışıqlar aparmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq, eləcə də onların assosiasiyalarına və digər birliklərinə qoşulmaq;
3.2.19. poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;
3.2.20. çap məhsulları bazarının tədqiq edilməsi üzrə informasiya toplamaq;
3.2.21. çap məhsulları və istehlak mallarının satış şəbəkəsini təşkil etmək;
3.2.22. fəaliyyəti ilə bağlı idxal-ixrac əməliyyatlarını müstəqil şəkildə həyata keçirməklə istehsal etdiyi məhsullara qanunvericiliklə müəyyən olunmuş qaydada qiymətləri müəyyən etmək və müqavilələr bağlamaq;
3.2.23. göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;
3.2.24. poçt rabitəsi obyektlərinə indekslər təyin etmək;
3.2.25. poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;
3.2.26. qanunvericiliyə uyğun olaraq maliyyə xidmətləri, o cümlədən Ümumdünya Poçt İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətləri (pul köçürmələri) həyata keçirmək;
3.2.27. bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
3.2.28. dövlət satınalmalarında təchizatçı kimi iştirak etmək;
3.2.29. mədəni-kütləvi, rəsmi və ictimai tədbirlərin keçirilməsi üçün səhnə qurğularının quraşdırılması, səs və görüntü avadanlıqlarının təmin edilməsi, texniki dəstəyin göstərilməsi, habelə bu məqsədlərlə avadanlıqların və texniki infrastrukturun icarəsini həyata keçirmək.;
3.2.30. Cəmiyyətin istifadəsində olan, habelə müqavilə əsasında hüquqi və fiziki şəxslərə məxsus texnika və avadanlıqlara texniki xidmət, təmir və servis xidmətləri göstərmək, bu xidmətlərin göstərilməsi ilə əlaqədar tikinti, quraşdırma, montaj və istehsal fəaliyyətləri ilə məşğul olmaq.
3.2.31. fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları
k
4.1. Cəmiyyətin nizamnamə kapitalı 100 (bir yüz) manat həcmində 100 faiz pul şəklində olmaqla 1 (bir) paydan ibarətdir.
4.2. Nazirlik Cəmiyyətin yeganə iştirakçısıdır və nizamnamə kapitalındakı payı 100 faiz 1 (bir) pay olaraq müəyyən edilmişdir.
4.3. Nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra 3 ay ərzində təsisçi tərəfindən ödənilməlidir.
4.4. İştirakçının qoyduğu mayanın tərkibi, maya qoyması qaydası, dəyişdirilməsi və maya qoyulması üzrə öhdəlikləri pozmağa görə məsuliyyət Ümumi Yığıncağın qərarı ilə müəyyənləşdirilir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
4.5. Cəmiyyətin əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, puldan, qiymətli kağızlardan, əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
4.6. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
4.7. Cəmiyyətin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər.
4.8. Cəmiyyətin sərəncamında qalan vəsaitdən Cəmiyyətin və Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
4.9. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu Nizamnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.10. Cəmiyyət öz fəaliyyətindən əldə etdiyi və əməliyyat ehtiyacları üçün tələb olunmayan sərbəst pul vəsaitlərini likvidliyin, təhlükəsizliyin və gəlirliliyin təmin edilməsi prinsipləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bank depozitlərinə, dövlət qiymətli kağızlarına, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin buraxdığı istiqrazlara, habelə kapital bazarının digər azriskli maliyyə alətlərinə yerləşdirə bilər.
4.11. Cəmiyyətin sərbəst pul vəsaitlərinin maliyyə alətlərində yerləşdirilməsi qaydası, həcmi və müddəti Müşahidə Şurasının (və ya təsisçinin) təsdiq etdiyi daxili investisiya siyasəti əsasında həyata keçirilir.
5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır (bundan sonra – Ümumi Yığıncaq). Cəmiyyət bir iştirakçıdan ibarət olduqda Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.
5.2. Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti Ümumi Yığıncaq ildə bir dəfə çağırılır. Növbədənkənar Ümumi Yığıncaq icra orqanının və Müşahidə Şurasının təşəbbüsü, habelə iştirakçının tələbi ilə çağırılır.
5.3. Ləğvetmə prosesində olan Cəmiyyətin növbədənkənar Ümumi Yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.
5.4. Ümumi Yığıncağın qərarları iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.
5.5. Ümumi Yığıncağın səlahiyyətləri Cəmiyyətin tək iştirakçısı olan Nazirlik tərəfindən həyata keçirilir.
5.6. Ümumi Yığıncağın aşağıdakı səlahiyyətləri var:
5.6.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin icra orqanının rəhbərini və onun müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.6.2. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad olunmasına razılıq vermək;
5.6.3. Cəmiyyətin, onun tabeliyindəki qurumların, nümayəndəlik və filiallarının baş mühasibi və digər rəhbər işçilərinin vəzifəyə təyin və vəzifədən azad olunmasına razılıq vermək;
5.6.4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Cəmiyyətin strukturunu, işçilərinin say həddini və əməkhaqqı sistemini müəyyən etmək;
5.6.5. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla:
5.6.5.1. Cəmiyyətin nizamnaməsini təsdiq etmək və nizamnamə kapitalının miqdarını
5.6.5.1.müəyyən etmək, onları dəyişdirmək;
5.6.5.2. Cəmiyyətin tabeliyində hüquqi şəxs statuslu qurumlar (törəmə və asılı cəmiyyətlər) yaratmaq, yenidən təşkil və ya ləğv etmək;
5.6.5.3. Cəmiyyətin nümayəndəlik və filiallarını yaratmaq və ya ləğv etmək;
5.6.5.4. Cəmiyyətin müraciəti əsasında onun özünün və törəmə müəssisələrinin əmlakının balansdan-balansa (o cümlədən, əvəzsiz olaraq) verilməsinə, qiymətləndirilməsinə, habelə Cəmiyyət tərəfindən həmin əmlakın təyinatının dəyişdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə, girov (ipoteka) qoyulmasına, satılmasına, Cəmiyyətin iştirak etdiyi layihələrə pay şəklində qoyulmasına, silinməsinə (ləğv edilməsinə) razılıq vermək;
5.6.6. Cəmiyyətin xərclər smetasını təsdiq etmək;
5.6.7. Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmlakın dəyərini təsdiq etmək;
5.6.8. Cəmiyyətin icra orqanlarını yaratmaq, onların səlahiyyətlərini müəyyənləşdirmək və səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
5.6.9. Cəmiyyətin növbədənkənar Ümumi Yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək;
5.6.10. Cəmiyyətin Müşahidə Şurasının üzvlərini seçmək və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
5.6.11. Cəmiyyətin icra orqanının rəhbərinin və onun müavinlərinin barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;
5.6.12. Cəmiyyətin əməkdaşlarının mükafatlandırılması qaydalarını təsdiq etmək;
5.6.13. Cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirmək;
5.6.14. Cəmiyyətin fəaliyyət istiqamətlərini, inkişaf strategiyasını, biznes planını və strateji inkişaf planını təsdiq etmək və onların monitorinqini aparmaq, habelə dividend siyasətini müəyyən etmək;
5.6.15. qanunvericilikdə başqa qayda nəzərdə tutulmadığı halda, Cəmiyyətin maliyyə və digər hesabatlarının formasını, eləcə də həmin hesabatlara dair tələbləri təsdiq etmək və təqdim olunması müddətlərini müəyyənləşdirmək;
5.6.16. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətinin və zərərinin bölüşdürülməsi, habelə mənfəətdən ayırmalar barədə qərar qəbul etmək;
5.6.17. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
5.6.18. Cəmiyyət tərəfindən qiymətli kağızlar, o cümlədən istiqrazlar buraxılması haqqında qərar qəbul etmək;
5.6.19. Cəmiyyətin əsas səmərəlilik göstəricilərini müəyyən etmək və onun icra vəziyyətinə nəzarət etmək, habelə həmin göstəricilərin təhlil və monitorinqinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;
5.6.20. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Cəmiyyət adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək;
5.6.21. Cəmiyyətin restrukturizasiyası, o cümlədən iflas (müflisləşmə) proseslərinin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;
5.6.22. Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək və onun fəaliyyətinin həmin standartlara uyğun təşkilinə nəzarət etmək;
5.6.23. xərclərinin optimallaşdırılması məqsədilə Cəmiyyətdən zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, Cəmiyyətin idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;
5.6.24. Cəmiyyətdə rəqəmsal inkişaf prosesinə nəzarət etmək;
5.6.25. Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
5.6.26. Cəmiyyətin əmlakından təyinatı üzrə səmərəli istifadəyə nəzarət etmək;
5.6.27. Cəmiyyətin dövlətə məxsus paylarını idarə etmək, habelə Cəmiyyətin balansında olan əmlak və nizamnamə kapitalında dövlətə məxsus paylar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmək;
5.6.28. Cəmiyyətin istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadəyə nəzarət etmək, bu torpaqlardan istifadə hüquqlarının Nazirliyin idarəetməsinə verilmiş dövlət müəssisələrinə ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına torpaq qanunvericiliyinə uyğun olaraq razılıq vermək;
5.6.29. Cəmiyyətin xarici iqtisadi əlaqələrinə aid bütün məsələlərin mərkəzləşdirilmiş qaydada təşkili və həlli barədə qərar qəbul etmək;
5.6.30. Cəmiyyətin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam vermək;
5.6.31. Cəmiyyətə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;
5.6.32. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını, insan resurslarının idarə olunması ilə bağlı siyasət və qaydaları) və Cəmiyyətin əməkdaşlarının mükafatlandırılması qaydalarını təsdiq etmək, habelə Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrinin, paylarının (səhmlərinin) nəzarət zərfinə malik olduğu (bundan sonra - təsisçisi (iştirakçısı) olduğu) hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq vermək;
5.6.33. Cəmiyyətin fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması (həmçinin kənar və daxili audit yoxlanılması) barədə qərar qəbul etmək, həmin yoxlamaların hesabatlarını qəbul etmək və nəticələrinə dair tədbirlər görmək;
5.6.34. Cəmiyyətin maliyyə planlaşdırılmasını, illik büdcəsini (büdcə proqnozlarını), gəlirlər və xərclər smetasını təsdiq etmək və icrasına dair monitorinq həyata keçirmək;
5.6.35. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin və fondunun təsdiq edilməsinə razılıq vermək;
5.6.36. Cəmiyyətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Cəmiyyətin inkişaf strategiyasının, strateji inkişaf planının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
5.6.37. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının fəaliyyəti ilə bağlı hesabatları, arayışları və izahatları tələb etmək və almaq;
5.6.38. Nazirliyin Əsasnaməsində qeyd edilən digər səlahiyyətləri həyata keçirmək.
5.7. Bu Nizamnamədə qeyd edilib-edilməməsindən asılı olmayaraq Cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələ üzrə Ümumi Yığıncaq tərəfindən qərar qəbul edilə bilər.
6. Müşahidə Şurası
6.1. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti kollegial idarəetmə orqanı olan Cəmiyyətin Müşahidə Şurası (bundan sonra – Şura) həyata keçirir. Şura öz fəaliyyətinin nəticələrinə görə Ümumi Yığıncaq qarşısında cavabdehlik daşıyır.
6.2. Şuranın tərkibi 5 üzvdən – Şuranın sədri və 4 üzv olmaqla, Nazirliyin (4 nəfər) və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarətdir.
6.3. Cəmiyyətin direktoru və onun müavinləri Şuraya üzv seçilə bilməz.
6.4. Şura üzvlərinin səlahiyyət müddəti 5 (beş) il təşkil edir.
6.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
6.6. Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Ümumi Yığıncaq, Şuranın üzvü və ya direktor çıxış edir.
6.7. Şuranın səlahiyyətləri aşağıdakılardır:
6.7.1. Cəmiyyətin Ümumi Yığıncağının qərarlarının icrasına və Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə nəzarət etmək;
6.7.2. Ümumi Yığıncağının qərarlarının icrasına və Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə nəzarət etmək;
6.7.3. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, nizamnamə kapitalının artırılması və ya azaldılması haqqında Cəmiyyətin Ümumi Yığıncağına təkliflər vermək;
6.7.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
6.7.5. Cəmiyyətin inkişaf strategiyasına, biznes planına və strateji inkişaf planına dair Ümumi Yığıncağa təkliflər vermək;
6.7.6. Cəmiyyətin daxili audit xidmətini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla, təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
6.7.7. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
6.7.8. Cəmiyyətin əsas səmərəlilik göstəricilərini müəyyən edilməsi ilə əlaqədar Ümumi Yığıncağa təkliflər vermək;
6.7.9. Cəmiyyətin direktorunun, onun müavinlərinin fəaliyyətinə nəzarət etmək, habelə Ümumi Yığıncaqla razılaşdırmaqla, müəyyən etdiyi fərdi hədəfləri və əsas fəaliyyət göstəriciləri əsasında qiymətləndirmək;
6.7.10. Cəmiyyətin icra orqanının fəaliyyəti ilə bağlı hesabatları, arayışları və izahatları tələb etmək və almaq;
6.7.11. Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
6.7.12. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi üçün Ümumi Yığıncağa müraciət etmək;
6.7.13. auditor yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair Ümumi Yığıncağın göstərişi əsasında tədbirlər görmək;
6.7.14. Cəmiyyətin maliyyə planlaşdırılmasını, illik büdcəsini (büdcə proqnozlarını), strukturunu, işçilərinin say həddini, əmək haqqı sistemini və fondunu, ştat cədvəlini, gəlirlər və xərclər smetasını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
6.7.15. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və digər yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
6.7.16. müvafiq sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktlarla Şuranın səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
6.8. Şuranın sədri:
6.8.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Cəmiyyətin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
6.8.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;
6.8.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
6.8.4. Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın katibini təyin edir.
6.9. Şuranın üzvləri:
6.9.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
6.9.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
6.9.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
6.9.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
6.9.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
6.10. Şuranın katibi:
6.10.1. Şuranın iclaslarını təşkil edir;
6.10.2. bu Nizamnamənin 6.13-cü bəndində nəzərdə tutulan vəzifəni yerinə yetirir;
6.10.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
6.10.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
6.10.5. Şuranın sədrinə hesabat verir;
6.10.6. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
6.11. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini Şuranın üzvləri arasından seçdiyi üzv icra edir.
6.12. Şuranın üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
6.13. Şuranın üzvlərinə, habelə Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
6.14. Şuranın iclasları onun üzvlərinin əyani (bilavasitə) iştirakı ilə, informasiya texnologiyalarından istifadə etməklə distant, habelə qarışıq formada keçirilə bilər. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Şurada səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
6.15. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanına göndərir.
6.16. Qəbul olunmuş qərarın əleyhinə səs vermiş Şuranın üzvü öz mövqeyi barədə 5 (beş) iş günü ərzində yazılı rəy təqdim etməli və həmin rəy protokola əlavə olunmalıdır.
6.17. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
7. Cəmiyyətin icra orqanı
7.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi direktor həyata keçirir. Direktor və onun 3 müavini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Ümumi Yığıncaq tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
7.2. Direktor olmadıqda onun vəzifələrinin müvəqqəti icrasını Ümumi Yığıncağın müəyyən etdiyi digər müavinlərindən biri icra edir.
7.3. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
7.3.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək;
7.3.2. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərmək, dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək;
7.3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq və bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyətin adından qərarlar vermək, əməliyyatlar aparmaq, etibarnamələr vermək, əqdlər bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
7.3.4. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, illik hesabatları və maliyyə hesabatlarını, investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Cəmiyyətin inkişaf strategiyasının, strateji inkişaf planının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı Ümumi Yığıncaq tərəfindən təsdiq edilməsi üçün Şuraya təqdim etmək və icrasını təmin etmək;
7.3.5. Cəmiyyətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sisteminin icrasını təmin etmək;
7.3.6. Cəmiyyətin direktorunun və onun müavinlərinin fəaliyyətinə dair fərdi hədəflərin və əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi üçün təkliflər vermək;
7.3.7. Cəmiyyətin əməkdaşları arasında vəzifə bölgüsünü müəyyənləşdirmək, həmçinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Ümumi Yığıncaq tərəfindən təsdiq edilən ştat cədvəli, əməkhaqqı sistemi və fondu çərçivəsində təşkil etmək;
7.3.8. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
7.3.9. Cəmiyyətin əməkdaşlarının əmək funksiyalarını müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək;
7.3.10. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında Ümumi Yığıncaq tərəfindən qərar qəbul edilməsi üçün Şuraya müraciət etmək;
7.3.11. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq olmayan məbləğdə olan əqdi, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizindən az hissəsini təşkil edən əqdləri Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək;
7.3.12. Ümumi Yığıncağın və Şuranın qərarlarının vaxtında və lazımi qaydada icrasını təmin etmək;
7.3.13. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması məqsədilə Şuraya təkliflər vermək;
7.3.14. Cəmiyyətin idarəetməsinin həyata keçirilməsi istiqamətində müxtəlif məqsədli daimi və müvəqqəti komissiyaların, məşvərətçi komitələrin və işçi qrupların yaradılması barədə qərar qəbul etmək;
7.3.15. Şuranın razılığı ilə Cəmiyyətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;
7.3.16. Cəmiyyətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, mübahisələrin həlli istiqamətində tədbirlər görmək;
7.3.17. özünün yaratdığı komissiyaların, məşvərətçi komitələrin və işçi qrupların əsasnamələrini təsdiq etmək, habelə, Cəmiyyətin struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxsləri nizamnamələrinin təsdiq edilməsi üçün Şuraya müraciət etmək;
7.3.18. Nazirliklə razılaşdırmaqla Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
7.3.19. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Cəmiyyətin əməkdaşlarını, Cəmiyyətin strukturuna daxil olan qurumların, filial və nümayəndəliklərinin, həmçinin tabeliyindəki qurumların əməkdaşlarının vəzifəyə təyin edilməsini və vəzifədən azad olunmasını, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsini həyata keçirmək;
7.3.20. Cəmiyyətin fəaliyyətinin təşkili ilə əlaqədar səlahiyyətləri daxilində icrası məcburi olan qərarlar (əmrlər,sərəncamlar, göstərişlər və tapşırıqlar) vermək;
7.3.21. Fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
7.3.22. bu Nizamnamənin tələbləri nəzərə alınmaqla, etibarnamələr vermək, banklarda hesablaşma hesabı və digər hesablar açmaq;
7.3.23. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
7.3.24. Cəmiyyətin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasını təmin etmək;
7.3.25. Cəmiyyətdə kargüzarlıq və arxiv işinin aparılmasını, habelə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
7.3.26. özünün və Cəmiyyətin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
7.3.27. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
7.3.28. Cəmiyyətin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
7.3.29. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyətin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
7.3.30. qanunvericiliklə və bu Nizamnamə ilə Ümumi Yığıncağın və Şuranın səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək.
7.4. Direktor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidir.
8. Cəmiyyətin işinin planlaşdırılması, mühasibat uçotu, maliyyə və statistik hesabatların aparılması
8.1. Cəmiyyət yerinə yetirdiyi işlərə və göstərdiyi xidmətlərə olan tələbatı nəzərə alaraq öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini, eyni zamanda, istehsal və sosial inkişafın təmin olunmasının zəruriliyini müəyyən edir.
8.2. Cəmiyyət mühasibat və statistik uçotu “Mühasibat uçotu haqqında” və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir. Cəmiyyət birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
8.3. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
9. Audit və maliyyə nəzarəti
9.1. Cəmiyyətin, o cümlədən strukturlarının fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə daxili və kənar auditin aparılması təmin edilir.
9.2. Daxili və kənar audit normativ hüquqi aktların və bu Nizamnamənin tələbləri ilə müəyyən olunmuş qaydada növbəli (plana əsasən) və ya növbədənkənar qaydada keçirilə bilər.
9.3. Cəmiyyətin illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün ildə bir dəfədən az olmamaq şərtilə kənar audit cəlb edilir.
9.4. Cəmiyyət idarə, filial və nümayəndəliklərinin, təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin, o cümlədən təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin və digər istiqamətlər üzrə fəaliyyətlərinin yoxlanılmasını təmin edir.
10. Sığortalanma
Cəmiyyətin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə icbari sığorta nəzərdə tutulmadıqda, öz mülahizəsi ilə həyata keçirilir.
11. Cəmiyyətin yenidən təşkili və ləğvi
Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Şəxsi kabinet