Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya xidmətlərinin daha səmərəli təşkili, müasir idarəetmə mexanizmlərinin tətbiqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2025-ci il 17 dekabr tarixli – VII FR nömrəli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi “ birləşdirilərək vahid qurum kimi fəaliyyətə başlamışdır.
Mərkəzin yaradılmasında əsas məqsəd poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından daha səmərəli istifadə olunması, eləcə də müasir xidmət modellərinin tətbiqidir.
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” poçt rabitəsi, internet və telekommunikasiya xidmətlərinin təşkili, rəqəmsal infrastrukturun inkişafı, fiber-optik şəbəkələrin genişləndirilməsi, elektron xidmətlərin tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, mərkəz müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, tədrisi və rəqəmsal xidmətlərin əlçatanlığının artırılması sahəsində mühüm vəzifələri həyata keçirir.
Hazırda “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” muxtar respublikada poçt və telekommunikasiya sahəsinin inkişafını təmin edən, vətəndaşlara keyfiyyətli və operativ xidmət göstərən mühüm qurumlardan biri kimi fəaliyyət göstərir.
Şəxsi kabinet