logo name
call-center

Nazirlikdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici seminar keçirilib

29 iyul 2026, 10:41

İyulun 28-də "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində maarifləndirici seminar keçirilib.
"Hesabatlılıq və şəffaflığın təminatı: hüquqi əsaslar və institusional strukturlar" mövzusunda təşkil olunan seminarda Nazirliyin Aparatının və tabeliyində fəaliyyət göstərən qurumların aidiyyəti əməkdaşları iştirak ediblər.
Seminarın məqsədi dövlət satınalmaları, maliyyə və təchizat sahələrində şəffaflığın artırılması, korrupsiya risklərinin effektiv idarə olunması və bu sahədə qanunvericiliyin tələbləri barədə iştirakçıların məlumatlandırılması olub.
Tədbirdə Nazirliyin Aparatının Maliyyə və təchizat şöbəsinin aparıcı məsləhətçisi Etiram Ələkbərov "Korrupsiyaya qarşı mübarizə və dövlət satınalmaları" mövzusunda məruzə ilə çıxış edib. O, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi, qanunvericiliyin tələbləri, etik davranış prinsipləri, maraqların toqquşmasının qarşısının alınması və korrupsiya risklərinin minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Hikmət Əlizadə "Maliyyə və təchizat sahəsində korrupsiya riskləri və onların idarə olunması" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda maliyyə və təchizat proseslərində yarana biləcək korrupsiya riskləri, daxili nəzarət mexanizmlərinin rolu, risklərin qiymətləndirilməsi və effektiv idarə olunması istiqamətində tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib.
Seminar çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

ADSL və GPON