Gələcəyin peşələri artıq Naxçıvanın bölgələrində öyrədilir
01 iyul 2026, 10:10
Ölkəmizdə rəqəmsallaşmanın sürətləndirilməsi, rəqəmsal bacarıqların artırılması və innovativ texnologiyaların geniş tətbiqi dövlətin əsas prioritet istiqamətlərindən biridir.
Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin Tədris Sektoru tərəfindən Naxçıvan Muxtar Respublikasının rayonlarında rəqəmsal bacarıqların inkişafına yönəlmiş kurslar uğurla davam etdirilir.
Tədris Sektorunun Şərur rayon filialında təşkil olunan kurslara maraq gündən-günə artır. Burada iştirakçılar kompüter bilikləri, proqramlaşdırma, kibertəhlükəsizlik, data analitikası, şəbəkə və sistem inzibatçılığı, robototexnika, eləcə də ingilis dili istiqamətləri üzrə müasir bilik və bacarıqlara yiyələnirlər. Xüsusilə kibertəhlükəsizlik və data analitikası üzrə təlimlər əmək bazarında yüksək tələbat olan peşələr sırasında yer aldığı üçün iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Kurs iştirakçıları həmçinin elektron dövlət xidmətlərindən, rəqəmsal platformalardan və mobil telefon vasitəsilə təqdim olunan elektron xidmətlərdən səmərəli istifadə qaydalarını da öyrənirlər. Tədris prosesi tam rəqəmsallaşdırılıb və kurslara qeydiyyat yalnız şəxsiyyət vəsiqəsi ilə elektron qaydada həyata keçirilir.
Təlimləri uğurla başa vuran iştirakçılara rəsmi şəhadətnamə və sertifikatlar təqdim edilir.
Həyata keçirilən bu layihə ölkədə rəqəmsal transformasiya siyasətinin bölgələrdə uğurla tətbiqinə, vətəndaşların rəqəmsal bacarıqlarının inkişafına və onları gələcəyin peşələrinə hazırlamağa mühüm töhfə verir. Gələcəyin peşələrini öyrənmək və kurslara qoşulmaq istəyən şəxslər 050 672 17 55 nömrəsi ilə əlaqə saxlaya və ya nptm.gov.az nternet səhifəsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.
Şəxsi kabinet