logo name
call-center

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib. Festival dövlət qurumlarını, texnologiya şirkətlərini, innovasiya ekosistemi nümayəndələrini və startapları bir platformada bir araya gətirib.

Tədbirin əsas məqsədi ağıllı şəhər və ağıllı kənd həllərinin təşviqi, rəqəmsal transformasiya istiqamətində innovativ layihələrin təqdimatı və regionda texnologiya ekosisteminin inkişafına dəstək göstərməkdir.

Festivalın rəsmi açılışda çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma, memarlıq və müasir texnologiyaların inkişafına verilən xüsusi önəmin göstəricisidir. Nazir müavini qeyd edib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Həmçinin vurğulayıb ki, Bakıda keçirilən WUF13 — Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dayanıqlı şəhərsalma və rəqəmsal inkişaf sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.

Bildirilib ki, festival çərçivəsində ümumilikdə 60 startap komandası, 151 iştirakçı, 5 münsif, 9 panelist və 26 mentor iştirak edir. Təqdim olunan layihələr gənclərin texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvə olduğunu nümayiş etdirir.

Sonra festivalda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edəərk bildirib ki, müasir dövrdə universitetlər yalnız təhsil müəssisəsi deyil, həm də innovasiya və texnologiyaların formalaşdığı mühüm inkişaf mərkəzləridir.