Naxçıvanda mikromobilliyin inkişafı və velosiped zolaqlarının yaradılması müzakirə olunub
08 oktyabr 2026, 15:41
Naxçıvan şəhərində müasir şəhər nəqliyyatının inkişaf etdirilməsi, mikromobillik imkanlarının genişləndirilməsi və velosiped infrastrukturunun yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Dövlət Texnki Kollecinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və AYNA-nın Naxçıvan Regional İdarəsinin əməkdaşları iştirak ediblər.
Geniş və səmərəli müzakirələr zamanı Naxçıvan şəhərinin bir sıra prospekt və küçələrində velosiped və skuter zolaqlarının yaradılması və müvafiq infrastrukturun layihələndirilməsi məsələləri ətraflı nəzərdən keçirilib.
Müzakirələrdə mikromobilliyin mahiyyəti, əhalinin mikromobillik vasitələrindən istifadəsinin təşviqi, şəhər mühitində bu xidmətlərin tətbiqi və inkişaf etdirilməsi, həmçinin mikromobillik istifadəçilərinin təhlükəsiz hərəkətinin təmin olunması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
Bununla yanaşı, velosiped zolaqlarının yaradılması zamanı Naxçıvan şəhərinin mövcud yol-nəqliyyat infrastrukturu, hərəkətin intensivliyi və təhlükəsizlik məsələləri geniş müzakirə edilib.
Xüsusilə şəhərin bəzi mərkəzi küçə və prospektlərində günün müəyyən pik saatlarında yaranan nəqliyyat sıxlığının nəzərə alınması, velosiped zolaqlarının təşkilinin ümumi nəqliyyat axınına təsirinin qiymətləndirilməsi və zəruri nəqliyyat-təşkilati tədbirlərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqsədi Naxçıvan şəhərində mikromobillik üçün təhlükəsiz, rahat və əlçatan şəhər mühitinin formalaşdırılması, alternativ nəqliyyat imkanlarının genişləndirilməsi və velosiped infrastrukturunun şəhərin mövcud nəqliyyat sistemi ilə səmərəli şəkildə inteqrasiyasının təmin edilməsidir.
Müzakirələrin nəticələrinə əsasən, ilkin mərhələdə müəyyənləşdirilmiş ərazilər üzrə layihələndirmə işlərinin aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı çərçivəsində davam etdirilməsi, layihələr hazırlanarkən şəhərin nəqliyyat və şəhərsalma xüsusiyyətlərinin kompleks şəkildə nəzərə alınması məqsədəmüvafiq hesab olunub.
Naxçıvanda mikromobilliyin inkişafı şəhər nəqliyyatının müasir tələblərə uyğunlaşdırılması, alternativ hərəkət imkanlarının artırılması və daha rahat şəhər mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biridir.
Şəxsi kabinet