Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində vakant vəzifələrə işə qəbul QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-də (bundan sonra – Cəmiyyət) vakant vəzifələrə işə qəbulun təşkili, namizədlərin seçilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. İşə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, Cəmiyyətin nizamnaməsinə və daxili sənədlərinə uyğun, şəffaf, obyektiv və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.
1.3. Namizədlərin seçilməsi zamanı təhsil, iş təcrübəsi, peşəkar və texniki biliklər, praktiki bacarıqlar və vəzifəyə uyğun digər keyfiyyətlər nəzərə alınır.
2. Vakansiyanın müəyyən edilməsi və elan olunması
2.1. Vakant vəzifəyə ehtiyac müvafiq struktur bölmənin əsaslandırılmış müraciəti əsasında müəyyən edilir və Cəmiyyət rəhbərliyinin qərarı ilə təsdiqlənir.
2.2. Vakansiya elanında vəzifənin adı, iş yeri, əsas funksiyalar, namizədə dair tələblər, iş rejimi, əməkhaqqı şərtləri, müraciət qaydası və son müraciət tarixi göstərilir.
2.3. Vakansiya Cəmiyyətin rəsmi internet resurslarında və zərurət olduqda digər informasiya vasitələrində elan edilə bilər.
3. Sənədlərin təqdim edilməsi və ilkin seçim
3.1. Namizəd ərizə və ya elektron müraciət, CV, təhsil və iş təcrübəsini təsdiq edən məlumatları, zərurət olduqda sertifikat və digər tələb olunan sənədləri təqdim edir.
3.2. Təqdim edilmiş sənədlər İnsan resursları üzrə məsul struktur bölmə tərəfindən vakansiyanın tələblərinə uyğunluq baxımından qiymətləndirilir. Tələblərə cavab verməyən namizəd növbəti mərhələyə buraxılmaya bilər.
4. Müsahibə və qiymətləndirmə
4.1. İlkin seçimdən keçmiş namizədlər Cəmiyyət rəhbərliyinin müəyyən etdiyi komissiya və ya müsahibə heyəti tərəfindən müsahibəyə cəlb edilir.
4.2. Müsahibə zamanı namizədin peşəkar və texniki bilikləri, praktiki bacarıqları, İKT və rabitə sahəsində bilikləri, ünsiyyət, problem həll etmə, analitik düşünmə, komanda ilə işləmə və digər işgüzar keyfiyyətləri qiymətləndirilir.
4.3. Vəzifənin xüsusiyyətindən asılı olaraq test, praktiki tapşırıq və digər qiymətləndirmə üsullarından istifadə edilə bilər.
4.4. Qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılır və nəticələr müvafiq sənədlə rəsmiləşdirilə bilər. Şəxsi münasibətlər, qohumluq və digər subyektiv amillər nəzərə alınmır.
5. İşə qəbuldan imtina və məlumatların qorunması
5.1. Namizədin vakansiyanın tələblərinə cavab verməməsi və ya seçim mərhələsində tələb olunan nəticəni göstərməməsi işə qəbuldan imtina üçün əsas ola bilər. İmtina qanunvericiliyin tələblərinə uyğun və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.
5.2. Namizədlər barədə əldə edilmiş şəxsi məlumatlar qanunvericiliyə uyğun qorunur və yalnız işə qəbul məqsədləri üçün istifadə edilir.
6. Yekun müddəalar
6.1. İşə qəbul prosesi ilə bağlı sənədlər Cəmiyyətin sənədlərin saxlanılması və arxivləşdirilməsi qaydalarına uyğun qorunur.
6.2. Bu Qaydalarda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə, Cəmiyyətin nizamnaməsinə və daxili sənədlərinə uyğun həll edilir.
6.3. Qaydalara dəyişiklik və əlavələr Cəmiyyət rəhbərliyinin qərarı ilə edilir.
6.4. Bu Qaydalar təsdiq edildiyi tarixdən qüvvəyə minir.
Şəxsi kabinet