Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin əməkdaşları üçün maarifləndirici tədbir keçirilib
09 sentyabr 2026, 11:35
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər davam etdirilir.
Bu çərçivədə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin əməkdaşları üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə iştirakçılara zəruri biliklərin çatdırılması olub.
Maarifləndirici görüşdə fövqəladə halların təsnifatı, Naxçıvan Muxtar Respublikası ərazisi üçün xarakterik olan fövqəladə hallar, belə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri və dəm qazından qorunma yolları barədə məlumat verilib.
Həmçinin yay mövsümündə dənli və texniki bitki sahələrində, eləcə də meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin “101” xidmət nömrəsinin təyinatı barədə də ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən tədbirdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib və əyani təqdimatlar göstərilib.
Şəxsi kabinet